Sosial şəbəkələrdə Nardarana çoxsaylı polis əməkdaşlarının yeridildiyini əks etdirən görüntülər yayılıb.
İctimai fəal Ələmdar Bünyadov da bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, qəsəbədə evlərə basqın edildiyi və təhlükəsizlik qüvvələrinin cəlb olunduğu barədə xəbərlər gəlir.
Bünyadov oktyabrın 15-də Azərbaycanda beynəlxalq tədbir keçirildiyini, xarici qonaqların qarşısında sabitlik və təhlükəsizlik görüntüsü yaradıldığını, ertəsi gün isə Nardarandan saxlanılmalarla bağlı məlumatların yayıldığını vurğulayıb.
“Nardaran sakinləri hicab məsələsi ilə bağlı etirazlarını bildiriblər. Əgər insanlar öz dini inanclarını dinc şəkildə ifadə edirlərsə, niyə cavab olaraq təhlükəsizlik qüvvələri göndərilir?” – deyə fəal sual edib.
Nardaran sakinləri də “Abzas Media”ya qəsəbədə çoxsaylı saxlanılmaların olduğunu təsdiqləyiblər.
Sakinlərdən birinin sözlərinə görə, polis əməkdaşları əsasən məktəblərdə hicabla bağlı məhdudiyyətlərə qarşı keçirilən toplantılarda fəallıq göstərən şəxsləri saxlayıblar.
“Gecə saat iki-üç radələrindən başlayaraq yığıncaqlarda çıxış edən, fəal görünən insanları maskalı, avtomatlı polislər saxlayıblar. 40-dan çox insan saxlanılıb. Hələ də bəzilərindən xəbər yoxdur. Saxlanılanlar arasında tanınmış şəxslər də var”, – deyə sakin bildirib.
Ətraflı oxumaq üçün: shorturl.at/XR7aG
