Komitənin oktyabrın 12-də açıqladığı məlumata görə, sentyabrın 1-nə ölkədə 1 milyon 776 min 800 muzdlu işçi olub. Onlardan 834 min 200 nəfəri dövlət, 942 min 600 nəfəri qeyri-dövlət sektorunda çalışıb.
İşçi sayı ardıcıl ikinci ay azalıb. İyulda ümumi azalma 6 min 300, avqustda isə 4 min 300 nəfər olub. İyulda dövlət sektorundakı azalmanı qeyri-dövlət sektorunda 1 min 400 nəfərlik artım qismən qarşılamışdı. Avqustda isə hər iki sektorda azalma qeydə alınıb: dövlət sektorunda 2 min 700, qeyri-dövlət sektorunda 1 min 600 nəfər.
Aylıq azalmaya baxmayaraq, sentyabrın 1-nə muzdlu işçilərin ümumi sayı ötən ilin eyni tarixindən 11 min 900 nəfər, yaxud 0,7 faiz çoxdur.
Bu artım qeyri-dövlət sektorunun hesabına yaranıb: həmin sektorda çalışanların sayı bir ildə 33 min nəfər artıb. Dövlət sektorunda isə eyni müddətdə 21 min 100 nəfərlik – təxminən 2,5 faizlik – azalma olub.
Yay aylarında azalma ötən il də müşahidə edilmişdi. DSK-nın yayımladığı göstəricilərə əsasən, 2025-ci il iyulun 1-dən sentyabrın 1-dək muzdlu işçilərin sayı 5 min 900 nəfər azalmışdı. Bu il eyni dövrdə azalma daha böyükdür.
DSK-nın son açıqlamasında azalmanın hansı müəssisələrdə baş verdiyi, nə qədərinin ixtisar, pensiyaya çıxma və ya müvəqqəti müqavilələrin bitməsi ilə bağlı olduğu göstərilmir.
