Bu barədə “Azatutyun”a Yerevan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi görüşün “gərginlik səngiyənədək” təxirə salınmasına qərar verib.
Boris Navasardyan iki ölkədə keçirilən bu formatdakı müzakirələrdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələrindən biridir.
“Bu, əvvəlcədən planlaşdırılmış görüş idi və biz planlaşdırılan görüşlərin təxirə salınmasının deyil, baş tutmasının tərəfdarıyıq”, – o bildirib.
Navasardyanın sözlərinə görə, Ermənistan tərəfi mövcud gərgin vəziyyətdə görüşün keçirilməsini və tərəflərin qarşılıqlı anlaşmaya gəlməyə çalışmasını vacib hesab edib:
“Ermənistan tərəfi hesab edirdi ki, bu kəskin vəziyyətdə görüşmək, qarşılıqlı anlaşmaya nail olmağa çalışmaq və informasiya mühitində, ictimai sahədə formalaşması arzu olunan atmosfer barədə razılığa gəlmək lazımdır. Ancaq görünür, Azərbaycandakı həmkarlarımız bu mərhələdə təmasları məqsədəuyğun hesab etmirlər”.
Rəsmi Bakı məsələ ilə bağlı açıqlama verməyib.
Erməni və azərbaycanlı ekspertlər bundan əvvəl də bir neçə dəfə qarşılıqlı səfərlər həyata keçiriblər.
Azərbaycanlı ekspertlər sonuncu dəfə bu ilin mayında “Yerevan Dialoqu – 2026” beynəlxalq konfransında iştirak etmək üçün Ermənistana səfər ediblər.
Fevralın 13-də isə azərbaycanlı ekspertlər quru sərhədinin delimitasiya olunmuş hissəsindən Ermənistana keçiblər. Səfər çərçivəsində “Sülh körpüsü” təşəbbüsü üzrə ikitərəfli dəyirmi masa keçirilib və Azərbaycanla Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri görüşüblər.
Ötən il azərbaycanlı ekspertlər Yerevanda keçirilən “Orbeli Forumu: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” tədbirində də iştirak ediblər.
2025-ci ilin noyabrında isə Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya səfər etmişdilər.
