Bu barədə oktyabrın 27-də İranın “Emtedad” agentliyi rejissorun vəkili Mustafa Nilinin açıqlamasına istinadən məlumat yayıb.
Vəkilin sözlərinə görə, hökm Pənahinin iştirakı olmadan, qiyabi çıxarılıb. Rejissora məhkəmə iclasının vaxtı barədə də məlumat verilməyib. O, ötən həftə bank hesabları dondurulduqdan sonra prokurorluğa müraciət edərkən yeni hökmdən xəbər tutub.
Pənahinin hansı ittihamla məhkum edildiyi açıqlanmayıb. Vəkili hazırda rejissor barəsində daha üç məhkəmə işinin açıq olduğunu bildirib.
Məhkəmə sənədlərində Pənahinin xaricdə olduğu göstərilsə də, Mustafa Nili onun martın 30-da İrana qayıtdığını deyib.
Bu, Cəfər Pənahinin İranda ilk dəfə məhkum edilməsi deyil.
Rejissor 2010-cu ildə hökumət əleyhinə fəaliyyət ittihamı ilə saxlanılıb. Həmin ilin mayında girov müqabilində azadlığa buraxılsa da, dekabrda altı il həbsə məhkum edilib. Onun ölkədən çıxmasına, film çəkməsinə və ssenari yazmasına da qadağa qoyulub.
2022-ci ilin iyulunda yenidən həbs olunan Pənahi əvvəlki hökmü əsasında cəzaçəkmə müəssisəsinə göndərilib. O, 2023-cü ilin fevralında azadlığa buraxılıb.
2025-ci ilin sonunda isə rejissor “hakimiyyət əleyhinə təbliğat” ittihamı ilə qiyabi olaraq daha bir il həbsə məhkum edilib. Bu hökm 2026-cı ilin iyununda qüvvədə saxlanılıb.
Cəfər Pənahi beynəlxalq kino festivallarının bir sıra nüfuzlu mükafatlarını qazanıb. Onun “Taksi” filmi 2015-ci ildə Berlin Kino Festivalının “Qızıl ayı”, “Üç üz” filmi isə 2018-ci ildə Kann Kino Festivalının ən yaxşı ssenari mükafatına layiq görülüb. Rejissor həmçinin Venesiya festivalının “Qızıl şir” və Lokarno festivalının “Qızıl bəbir” mükafatlarının sahibidir.
Pənahinin son filmi “Bir sadə qəza” 2025-ci ildə Kann Kino Festivalının əsas mükafatı olan “Qızıl Palma budağı”nı qazanıb. Film 2026-cı ildə “Oskar” mükafatına “Ən yaxşı beynəlxalq film” və “Ən yaxşı orijinal ssenari” nominasiyaları üzrə namizəd göstərilib.
