Dövlət Statistika Komitəsinin məlumatına görə, gecələmələrin 57 faizi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, 43 faizi isə Azərbaycan vətəndaşlarının payına düşüb.
Xaricilərin keçirdiyi gecələmələrin sayı 4,7 faiz azalaraq 1 milyon 845,6 min olub.
Xarici qonaqlar arasında ən böyük pay Türkiyə (12,1 faiz), Rusiya (11,3 faiz) və İsrail (9,2 faiz) vətəndaşlarına məxsusdur.
Ümumi gecələmələrin 55,9 faizi Bakıda, 5,2 faizi Qusarda, 5,1 faizi Naftalanda, 4,7 faizi Xaçmazda, 3,9 faizi isə Qəbələdə qeydə alınıb. Xaricilərin gecələmələrinin 81,4 faizi paytaxtın payına düşüb.
Gecələmələrin azalmasına baxmayaraq, hotellərin gəlirləri 0,6 faiz artaraq 497,3 milyon manata çatıb. Bunun 63,7 faizi otaqların təqdim olunmasından, 25,9 faizi isə iaşə xidmətlərindən əldə edilib.
Eyni zamanda, hotellərin birdəfəlik tutumundan istifadə səviyyəsi ötən ilin müvafiq dövründəki 25 faizdən 23 faizə düşüb. Bu göstərici Naftalanda 46,2 faiz, Bakıda 33,2 faiz, Qusarda isə 27,8 faiz olub.
Müstəqil ekspertlər gecələmələrin azalması fonunda gəlirlərin artmasını qiymət yüksəlişi və inflyasiya ilə əlaqələndirirlər. Onların fikrincə, Azərbaycanda hotel qiymətləri bir çox qonşu ölkələrlə müqayisədə yüksəkdir və sektorda kifayət qədər rəqabət yoxdur.
Ekspertlər Körfəz ölkələrindən gələn turistlərin sayının azalmasının da turizm sektorunun göstəricilərinə təsir etdiyini bildirirlər. Rəsmi qurumlar isə sektorda rəqabətin zəif olması barədə tənqidləri qəbul etmirlər.
