Rumıniyanın “Digi24” nəşri yazır ki, hücum oktyabrın 23-də səhər saatlarında baş tutub.
Məlumata görə, Komor adalarının bayrağı altında üzən gəmi Türkiyənin Ereğli limanından Rumıniyanın Sulina limanına gedirmiş.
Hücumdan sonra gəmidən yardım siqnalı göndərilib. Rumıniyanın Dənizdə İnsan Həyatının Xilasetmə Agentliyi (ARSVOM) və Daxili İşlər Nazirliyi (DİN) hadisə yerinə xilasedicilər göndərib.
“Romania Insider” nəşrinin məlumatına görə, gəmidəki doqquz nəfər təxliyə edilib, üç nəfər itkin düşüb, bir nəfər isə hücum zamanı həlak olub.
Xilasetmə əməliyyatına “Black Hawk” hərbi helikopterinin də cəlb olunması planlaşdırılsa da, əlverişsiz hava şəraiti buna imkan verməyib. Rumıniya Daxili İşlər Nazirliyinin yaydığı görüntülərdə gəminin ciddi zədələndiyi görünür.
Gəmidə ümumilikdə 13 nəfərlik heyət olub. Onlardan 10-u Ukrayna, üçü isə Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşlarının xilas edilənlər, itkin düşənlər və ya həlak olan şəxs arasında olub-olmadığı açıqlanmayıb.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də hadisəyə münasibət bildirərək Qara dənizdə Rusiyanın növbəti eskalasiyasından “ciddi narahatlıq” keçirdiyini bildirib.
“Rumıniya sahilləri yaxınlığında Ukrayna və Azərbaycan vətəndaşlarından ibarət heyətin olduğu mülki gəmiyə hücum edilib. Bu məsuliyyətsiz hücumlar günahsız insanların həyatını hədəfə alır və beynəlxalq hüququ açıq şəkildə pozur”, – deyə o, “X” hesabında yazıb.
Oktyabrın 20-də NATO-nun Qara dənizdə ticarət gəmilərinə hücumlardan sonra bölgəyə əlavə patrul təyyarələri, pilotsuz uçuş aparatları və radar sistemləri göndərəcəyi bildirilmişdi.
Rumıniya və Bolqarıstan hakimiyyəti bu hücumlarda Rusiyanı ittiham edir. Son iki həftədə həmin ölkələrin sahilləri yaxınlığında azı yeddi ticarət gəmisinin hücuma məruz qaldığı, onlardan bəzilərinin batdığı bildirilir.
“Khoryv” gəmisinə hücumdan əvvəlki məlumatlara görə, bu hadisələr nəticəsində azı 23 dənizçi həlak olub və ya itkin düşüb.
