Təşkilatın açıqlamasında qeyd olunur ki, iyulun 18-də 33 yaşı tamam olan jurnalist 2024-cü ilin dekabrından etibarən əsassız şəkildə həbsdə saxlanılır və ehtiyac duyduğu təcili tibbi yardımdan məhrum edilir.
“Aytac Tapdığın səhhəti sürətlə pisləşir. O, təcili ehtiyac duyduğu tibbi yardımı ala bilmir. Jurnalist dərhal müalicə olunmalı və azadlığa buraxılmalıdır”, – RSF-nin bəyanatında deyilir.
Aytac Tapdıq iyulun 4-də “Meydan TV işi” üzrə keçirilən məhkəmə prosesində səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Tibb Baş İdarəsinə müraciət etdiklərini, lakin cavab almadıqlarını bildirib.
Jurnalist həbsdə saxlanıldığı müddətdə nəfəs almaqda çətinlik çəkdiyinə görə 80 qutu burun spreyi istifadə etdiyini deyib. Onun sözlərinə görə, saxlanma şəraiti səhhətindəki problemləri daha da ağırlaşdırır.
Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. İş üzrə ümumilikdə 12 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmə – maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də ittihamlar ağırlaşdırılıb.
Hazırda iş üzrə təqsirləndirilən şəxslər qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması da daxil olmaqla bir neçə ağır maddə ilə mühakimə olunurlar.
Jurnalistlər ittihamları rədd edir, həbslərinin siyasi sifariş olduğunu və peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.
