Bu barədə Mirzoyan Ermənistan parlamentinin daimi komissiyalarının birgə iclasında danışıb.
Nazir bildirib ki, Ermənistan 2027-ci ildə də qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.
“Bizim məqsədimiz Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamaq, daha sonra isə ratifikasiya etməkdir. O vaxta qədər, əlbəttə, sülhün daha da möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi üçün bir sıra addımlar atmağa davam edəcəyik. Bunlardan biri də ikitərəfli ticarətdir”, – Mirzoyan bildirib.
Nazir Ermənistanın Türkiyə ilə münasibətlərinə də toxunub. Onun sözlərinə görə, iki ölkə arasında dialoq kifayət qədər fəal və səmərəlidir, müxtəlif sahələrdə əməkdaşlıq genişlənir.
“Türkiyə ilə dialoqumuz kifayət qədər fəal və səmərəlidir. Əməkdaşlığın konkret nəticələri var və bu, davam edəcək. Ani şəhərindəki tarixi körpünün birgə bərpası, tələbələr üçün proqramlar, Ermənistan-Türkiyə biznes forumu buna nümunədir. İlk biznes forumu Qarsda keçirilib, ikincisinin gələn il Ermənistanda təşkili planlaşdırılır”, – o qeyd edib.
Mirzoyan bildirib ki, əvvəllər Ermənistanla Türkiyə arasında ticarət üçüncü ölkə vasitəsilə həyata keçirilsə də, artıq bu maneə aradan qaldırılıb.
“İndi gömrük baxımından birbaşa ticarət mümkündür. Lakin coğrafi baxımdan ticarət hələ də Gürcüstan ərazisindən həyata keçirilir”.
Nazir əlavə edib ki, münasibətlərdə irəliləyişə baxmayaraq, Ermənistan-Türkiyə sərhədi hələ də bağlıdır. Bununla belə, o, sərhədin açılmasının və diplomatik münasibətlərin qurulmasının yaxın zamanda mümkün olduğunu düşünür.
“Bütün irəliləyişlərə baxmayaraq, hazırda Ermənistan-Türkiyə sərhədi bağlı qalır. Ancaq normallaşma prosesi o qədər irəliləyib ki, biz istənilən an sərhədin açılmasına və diplomatik münasibətlərin qurulmasına nail ola bilərik”, – Mirzoyan vurğulayıb.
