Bu barədə jurnalistin yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Bildirilib ki, İtaliyanın Turin Universitetində nəşr olunan kitab “Səsim həbs olunmur” (“La mia voce non si arresta”) adlanır.
İtalyan dilində hazırlanan topluya jurnalistin həbsxanadan göndərdiyi məktublar və müxtəlif vaxtlarda verdiyi müsahibələr daxil edilib.
Kitabın ön sözünü beynəlxalq insan hüquqları təşkilatı “Amnesty International”ın İtaliya bölməsinin sözçüsü Rikardo Nuri yazıb.
Ülviyyə Əli 2025-ci il mayın 7-də “Meydan TV işi” çərçivəsində həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Jurnalist ittihamı qəbul etmir.
Ülviyyə Əli həbsindən əvvəl “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. Bu media qurumundan ayrıldıqdan sonra da jurnalist fəaliyyətini davam etdirərək sosial şəbəkə hesablarında siyasi motivli hesab edilən məhkəmə proseslərini işıqlandırıb.
“Meydan TV işi” üzrə həbslər 2024-cü il dekabrın 6-da başlayıb. Həmin gün saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Ümüdova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti fəalı Ülvi Tahirov saxlanılıblar.
Sonrakı aylarda “ Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli və fotoqraf Əhməd Muxtar da eyni cinayət işi üzrə həbs ediliblər.
İş üzrə təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etmir.
