Oktyabrın 2-də Sabirabad Rayon Məhkəməsində hakim Səlim Allahverdiyevin sədrliyi ilə 1979-cu il təvəllüdlü Suqovuşan kənd sakininin işinə baxılıb.
Polis onun ictimai qaydanı pozduğunu və əməkdaşların qanuni tələbinə qəsdən tabe olmadığını iddia edib. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci – xırda xuliqanlıq və 535.1-ci – polisin qanuni tələbinə qəsdən tabe olmama maddələri ilə protokol tərtib olunub.
Kənd sakini məhkəmədə ittihamları qəbul etməyib.
O bildirib ki, mobil telefonuna zəng edilərək polis şöbəsinə çağırılıb və özü könüllü şəkildə ora gedib. Şöbədə ona sosial şəbəkədə “kriminal aləmi təbliğ edən” paylaşım etdiyi deyilib.
Şəxsin sözlərinə görə, söhbət əmisi oğlunun toyundan çəkilmiş videodan gedib. Videoda toy iştirakçıları “kriminal aləmlə bağlı” mahnıya rəqs ediblər. O, görüntünü sosial şəbəkədə paylaşdığını, ancaq bir neçə saat sonra sildiyini və hadisənin uzun müddət əvvəl baş verdiyini deyib.
“Dünəndən məni şöbədə saxlayıblar, bu gün məhkəməyə gətiriblər. Məni şöbəyə polis əməkdaşı gətirməyib ki, yolda və ya başqa yerdə hansısa hadisə baş versin. Polisə də tabesizlik etməmişəm”, – o, məhkəmədə bildirib.
Daha ətraflı oxumaq üçün: shorturl.at/nOQSQ
