Categories
South Caucasus

Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə Milli Mətbuat Günü münasibətilə həbsxanadan mesaj göndərib. “Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən jurnalist mətbuat azadlığı ilə ölkənin iqtisadi inkişafı və rifahı arasındakı əlaqəyə diqqət çəkib. “2026-cı il Dünya Mətbuat Azadlığı Reytinqinə görə Azərbaycan 180 ölkə arasında 171-ci yerdədir. Mətbuat azadlığı reytinqində son 10-luqda olan bir ölkənin nə insan inkişafı, nə də iqtisadi rifah baxımından ilk 10-luqda olması mümkündür. Çünki mətbuat azadlığı təkcə ifadə azadlığı deyil, həm də hesabatlılığın, şəffaflığın, yəni, sağlam iqtisadi mühitin təməlidir. Təməl zəiflədilir, dağıdılırsa, inkişaf və rifaha çatmaq da çət


Listen to this article
Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə Milli Mətbuat Günü münasibətilə həbsxanadan mesaj göndərib.

“Abzas  Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən jurnalist mətbuat  azadlığı ilə ölkənin iqtisadi inkişafı və rifahı arasındakı əlaqəyə  diqqət çəkib.

“2026-cı il Dünya Mətbuat Azadlığı  Reytinqinə görə Azərbaycan 180 ölkə arasında 171-ci yerdədir. Mətbuat  azadlığı reytinqində son 10-luqda olan bir ölkənin nə insan inkişafı, nə  də iqtisadi rifah baxımından ilk 10-luqda olması mümkündür. Çünki  mətbuat azadlığı təkcə ifadə azadlığı deyil, həm də hesabatlılığın,  şəffaflığın, yəni, sağlam iqtisadi mühitin təməlidir. Təməl zəiflədilir,  dağıdılırsa, inkişaf və rifaha çatmaq da çətinləşir”.

Fərid  Mehralızadə 2024-cü ilin mayında “Abzas Media işi” çərçivəsində  saxlanılıb. Bundan əvvəl iş üzrə “Abzas Media”nın direktoru Ülvi  Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd  Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə  Qasımova və Nərgiz Absalamova həbs edilmişdilər.

Mehralızadənin  saxlanılmasından sonra “Abzas Media” bəyanat yayaraq onun media qurumu  ilə əməkdaşlıq etmədiyini və heç bir əlaqəsinin olmadığını açıqlayıb.

O,  iş üzrə digər təqsirləndirilən jurnalistlərlə birlikdə qaçaqmalçılıq və  müxtəlif maliyyə cinayətlərində ittiham olunub. Mehralızadə isə  məhkəmədə ittihamları qəbul etməyərək həbsini peşə fəaliyyəti ilə  əlaqələndirib. O, “Azadlıq Radiosu”nda dərc olunan yazılarına görə  cəzalandırıldığını bildirib.

2025-ci il iyunun 20-də  Bakı Ağır Cinayətlər Məhkəməsi Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz  Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə  Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan  məhrum edib.

Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

Beynəlxalq  media və insan haqları təşkilatları “Abzas Media işi” üzrə həbsləri  Azərbaycanda müstəqil medianın susdurulmasına yönəlmiş təzyiq  kampaniyasının bir hissəsi kimi qiymətləndirirlər.